| |
İstiqlal
və azadlıq carçısı:
Şeyx
Məhəmməd Xiyabani

Abdulla
Əmir Haşimi (Cavanşir)
abdulla_55@yahoo.com
İstiqlal
və azadlıq carçısı –Şeyx Məhəmməd Xiyabaninin şəhadətinin 84-cü ildönümü
münasibəti ilə milli və müstəqil hərəkatımızın fəalları, daxildə və xaricdə
toplaşaraq, Xiyabani Hərəkatı barədə fikirlər söyləməkdədirlər. Bu barədə
Xiyabani dövründə Azərbaycanda, regionda və dünyada baş verən hadisələr,
Xiyabaninin onlardan aldığı təssüratı və bu istiqamətdə yaratdığı ideyalar,
apardığı işlər və nəhayət hərəkatın məğlubiyyət səbəbləri, Xiyabani
Hərəkatının tə’siri Azərbaycanlıların həyatında geniş müzakirə olunur və
Xiyabaninin həyat yoluna nəzər salınır.
Hamımızın bildiyimiz kimi, Xiyabani, 1880-də Təbriz ətrafında yerləşən Xamne
kəndində dünyaya göz açmışdı. Atası –hacı Əbdülhəmid, 30 il ərzində
Dağıstanın Maxaçkala şəhərində ticarət ilə məşqul idi. Şeyx Məhəmməd
Xiyabani, Xamnedə məktəbə getmiş, sonra isə Dağıstana səfər edərək bir
müddət atasının ticarətxanasında işləyib oxuduqdan sonra, Təbrizə qayıtmışdı.
Dini elmlər üzərində təhsilini davam etmiş, elm və əxlaqda yüksək səviyyəyə
çatmışdı. O, ana-dilimizdə və başqa dillərdə gözəl çıxış qabiliyyətinə sahib
olmuşdu. Məşrutədən əvvəl, Təbrizdə Kərimxan məscidində mindən artıq
dinləyici qarşısında çıxış edərdi. Təbriz məşrutəçiləri ilə əncümən-e
islamiyyə arasında gedən mübarizədə, Xiyabani, Səttarxan ilə Bağırxan və
məşrutəçilərin tərəfində dayandı və ictimaiyyun-amniyyun firqəsi ilə əməkdaşlıq
etdi. O dövrdə, Azərbaycanın əyaləti əncüməninin üzvlüyünə seçildi və
dəfələrlə Vasmınc kəndində oturaq edən Mərkəzi Hökümət nümayəndəsi olan
Şazda Eyniddövlə ilə Təbriz məşrutəçiləri arasındakı müzakirələrdə
nümayəndəlik etdi. Milli Şura Məclisinin ikinci dövr seçkilərində
Azərbaycanlılar tərəfindən deputat seçilib, Tehrana yollandı. 1911-də
rusların mükərrər ultimatumlarına qarşı, Xiyabani, sərt çıxışlar etdi.
Fransada
–ictimai, İngiltərədə –iqtisadi və Amerikada baş verən siyasi inqilabları
dərindən öyrənən Xiyabanidə, bölgədə və dünyada baş verən hadisələr –o
cümlədən Məşrutə Hərəkatı, Turkiyədə tənzimat inqilabı, birinci dünya
müharibəsi və elə həmin müharibədə iştirak edən və qarşı-qarşıya duran
xarici ölkələrin (İngiltərə, Rusya və Osmanlı İmperatorluqlarının) kəsik
nöqtəsi olan Azərbaycanımız və burada baş verən hadisələr, dərin iz
buraxmışdı.
Təcəddüd, təməddün, millətlərin istiqlaliyyəti və azadlığı, təkamül,
radikalizm və yüksək əxlaqi dəyərlər, xalq kütlələrinə rifah və zəngin
mənəviyyat arzuları, Xiyabaninin dünya görüşünü təşkil etmiş, onu yorulmadan
ictimai mübarizəyə sövq edərək, 1917-ci ilin fevral ayında Rusyada baş verən
burjua-demokratik inqilabı, Tsar İmperatorluğunun dağılması və rusların
Xiyabani ölkəsindən çəkilib getmələri, Xiyabani Hərəkatında yeni mərhələnin
başlanğıcı idi ki, Azərbaycanda azadlıq hərəkatına təkan verdi.
1917-də
Tsar ordusu qalıxlarının Urumiyyədə və digər Azərbaycan şəhərlərində
cinayətləri, həmin ildən 1920-dək, ingilis, fransız və amerikanların
müxtəlif to’tələri və qurğuları ki, nəticədə erməniləri, assoriləri və
kürdləri Marşimonlar, Simitqolar və Andraniklərin rəhbərlikləri ilə
silahlandıraraq Azərbaycan türklərinin Azərbaycan şəhərlərində dəfələrlə
qətl’am edilmələri, üstə gəl –Azərbaycanda baş verən qıtlıq və qəhətlik,
bunlara əlavə 1907-ci il müqaviləsinin ardı olan 1919-da İngiltərənin təklif
etdiyi müqavilənin təsdiqlənməsinə çalışan Vüsuqüddövlə Hökümətinin əcnəbilərin
əlində oyuncağa çevrilməsi, Xiyabani və onunla bərabər çalışan hacı
Məhəmmədəli Badamçı, Kərbəla Əli Həriri, Nöbərilər və digərlərini qət’i
qərar almağa gətirib çıxartdı. Belə ki, aprel 1920-də, Şura Məclisinin 4-cü
dövr seçkilərindən sonra, Xiyabani və onunla birlikdə çalışan Azərbaycan
Demokrat Partiyasının üzvləri, bir İctimai Hey’ət təşkil edərək, müxtəlif
dillərdə, Məşrutə Rejiminin həyata keçirilməsi və ümumxalq rifahının tə’min
edilməsi barədə bəyanat yaydılar. Bununla, Xiyabaninin başçılığı ilə
Azərbaycanda üsyan baş verərək, həmin gündən partiyanın qərargahı İctimai
Hey’ətin oturaq yeri oldu. İctimai Hey’ət Təbrizin Alaqapısına köçdükdən
sonra Azadistan Məmləkətinin Milli Höküməti adı ilə fəaliyyətini davam etdi.
Azərbaycan adının Azadistana dəyişilməsi, Azərbaycanlıların, Məşrutə
dövründə və ondan sonrakı illərdə fədakarcasına azadlıq yolunda apardıqları
fəaliyyətlər və qiyam başçılarının xüsusilə mərhum Əmirxizin təklifi ilə
inqilab və azadlıq yolunda verilən şəhidlərin xatirəsinin yad edilməsi və
yüksək qiymətləndirilməsi üçün olmuşdur. Həmin adın, Mərkəzi Hökümətə qəbul
etdirilməsi barədə qərar qəbul edilmişdi. Xiyabani və onun başçılıq etdiyi
hökümət, verilən təkliflərin həyata keçirilməsinədək, Mərkəzi Hökümətlə əlaqələri
dayandırmışdı.
22
şəhrivər 1299 (12 sentyabr 1920)’dək Azərbaycanda illər boyu xarici hücum,
işqalçılıq, müharibə, istibdad, aclıq, ölüm və qətl’amlardan sonra sakitlik,
rifah, əmin-amanlıq, azadlıq, inkişaf, firavanlıq bərpa edilmişdi.
Hər gün
Xiyabani, partiyanın orqanı olan təcəddüd binasının qarşısında nütq
söyləyirdi, xalqımızın amac və amalını bəyan edirdi, azadlıq, müstəqillik,
modernizm, millətin inkişafı, sağlam əxlaq, kənd və şəhər zəhmətkeşlərinin
rifahı, qanunun bərpası, iste’mara qarşı mübarizə və gündəlik həyat və
məişət məsələləri barədə ana-dilimizdə gözəl və dərin çıxışlar edirdi və
xalqımızı inkişafa sövq edirdi –baxmayaraq ki, əcnəbi qüvvələr və onlara
qulluq edən əl-altıları yenə də Azərbaycana qarşı to’tələr hazırlayırdılar.
Özlərini “demokrat” adlandıran Müşirüddövlə və Müxbirüssəltənələr,
üsyançıların səhvlərindən istifadə edərək Qazax ordusu vasitəsi ilə
Alaqapıda yerləşən Milli Hökümətin qərargahını ələ keçirirlər. Bu silahlı
hücum nəticəsində Azadistan Məmləkətinin Milli Höküməti məğlub olsa da,
Xiyabani, həyatının son anlarınadək cəsarətlə dayandı.
Şeyx
Məhəmməd Xiyabani, 22 şəhrivər 1299 (1920-də) Azərbaycana vali göndərilən
Müxbirüssəltənənin verdiyi fərman əsasında, satqınların yardımı ilə Qazax
ordusunun muzdurları vasitəsi ilə, şəhadətə yetirildi. Bundan əvvəlki gün,
gedib validən Xiyabani üçün əmannamə alınmasının icazəsi ondan istənilmişdi.
Xiyabani cavab verir ki: “Mən, düşmən qarşısında dizə çökmərəm! Mən, Məşrutə
İnqilabının oğluyam! Mən, Babək Xorrəmdinin nəvəsiyəm ki, ərəb xəlafəti
qarşısında böyük rəşədət göstəribdir! Mən, ölümü, təslim olmaqdan üstün
tuturam!”
Xiyabani
Hərəkatı məğlub olsa da, bu hərəkatın ideyaları bu günədək yaşayır və bu
ideyaları həyata keçirtmək üçün, Azərbaycanımızın Güneyində, müstəmləkəçi,
totaliter və diktator fars şovinizmininə qarşı mübarizə davam edir
–Xiyabanidən sonra Rzaxan Mirpənc həmin ideyaları oğurlayıb, möhtəvasından
boşaldıb, təcəddüd, modernizm, yeniləşmə adı ilə sun’i şəkildə həyata
keçirməyə çalışsa da. Hansı ki, bütün irticai və diktator irqçi və
nejadpərəst rejimlərin xasiyyətidir –Hərəkatı qanda boğub, ancaq xalqı
sakitləşdirmək üçün yarım-yapalaq hərəkat ideyalarını sözdə tətbiq etmək.
Biz bunu, Məhəmmədrza Şahın Ağ İnqilab adı altında, Pişəvərinin həyata
keçirtdiyi həqiqi su və torpaq islahatının yamsılamasında da gördük.
Azərbaycanın parlaq ulduzu - Şeyx Məhəmməd Xiyabani, və onunla bərabər
mübarizə aparıb şəhid olan demokratların ruhları şad, xatirələri əbədi yad
ediləcəkdir!
|
|